TOY MƏCLİSLƏRİ
Möhtərəm Müsəlmanlar!
Bu günkü xütbəmiz, yenə adət-ənənələrimizdən biri olan “toy məclisləri” haqqında olacaqdır. Bildiyimiz kimi İslam dini hər bir məsələdə olduğu kimi, ailə qurmaq məsələsində də dəqiq qaydalar qoymuşdur. Ancaq cəmiyyətimiz içərisində İslamın qoyduğu qayda-qanunları arxa plana atıb İslama zid olan adət-ənənələri ön plana çıxararaq yaşatmağa çalışanlar var. Təəssüflər olsun ki, toy mərasimlərimizdə də bu vəziyyət özünü göstərməkdədir. Bu kimi hallar dinimizlə tamamən ziddir. Bütün davranışlarında ölçülü və dininə bağlı olması lazım olan hər bir müsəlman, evlənərkən və toy edərkən də eyni xüsusiyyətini qorumalı, beləliklə israfdan, həddi aşmaqdan və dini cəhətdən uyğun olmayan əyləncələrdən uzaq olmalıdır. Çünki bu kimi mərasimlər dəbdəbə ilə keçirildiyində maddi çətinliklərə, gərəksiz borc-xərcə və dinimizə zid olan görüntülərə səbəb olur. Bu da başqalarında qibtə hissi yaradaraq, maddi vəziyyəti nisbətən aşağı səviyyədə olan ailələrin xəcalət çəkməsinə gətirib çıxarır. Sevgili Peyğəmbərimiz (s.ə.s)-də bu barədə “Evliliyin ən xeyirlisi, rahat və sadə olanıdır” (Əbu Davud, Nikah, 32) buyurmuşdur. Peyğəmbərimizin (s.ə.s)-in Aişə anamızla evlənməsi çox sadə olmuş və bunu özlərinə nümunə götürən müsəlmanlar, evlənərkən etdikləri lazımsız xərcləri tərk etmişlər.
Əziz Müsəlmanlar!
Günümüzdə maddi çətinliklər üzündən dağılan bir çox ailələr varkən, ağla-xəyala sığmayacaq qədər israfın baş alıb getdiyi toyları, müsəlmanlıqla hətta insanlıqla müqayisə etmək mümkün deyildir. Bunun yanında toy mərasimlərində verilən yemək-içmək də şəriət baxımından halal olmaıdır. Xüsusilə, araq və başqa spirtli içkilərin, donuz əti və yeyilməsi haram olan başqa ətlərdən hazırlanan kolbasa və digər məhsulların süfrəyə verilməsi İslam nöqteyi-nəzərindən qadağandır. Ancaq təəssüfedici haldır ki, bir çox toy məclislərində cürbəcür spirtli içkilər stolların üzərində öz yerini almaqdadır. Toy mərasimi kimi müqəddəs və çox əlamətdar bir hadisəni-iki gəncin ailə qurmasını- qeyd etmək üçün toplaşan özlərinə müsəlman deyənlərin həmin günün bərəkət və rövnəqini Allahın haram buyurduğu içki ilə zədələmələri nə dərəcədə doğrudur? Bünövrəsi haramlarla, günahlarla qoyulan ailədən xeyir-bərəkət, xoşbəxtlik gözləmək olarmı? Yeni ailə həyatına qədəm qoyan bəyi və gəlini də bu haramlara bulandırmaq, bunlardan dünyaya gələcək günahsız körpələrin mayasına bu cür iyrənç şeylər qatmaq sizcə nə deməkdir? Peyğəmbərimizin və İslam alimlərinin bu barədə çox şiddətli xəbərdarlıqları vardır. Hz. Ömərin nəql etdiyinə görə Peyğəmbərimiz belə buyurmuşdur: “Allaha və axirət gününə iman edən şəxs, üstündə içki olan süfrənin qırağında oturmasın.” (Tirmizi, Kitabul-Ədəb, 43; Əbu Davud, Kitabut-Tibb, 11.) Hz. Əli (r.a) də bu barədə demişdir: “Üzərində içki içilən süfrəyə oturmayın. Çünki qul, canının nə zaman alınacağını bilməz” (əl-Bihar,10/98.) buyraraq içki verilən məclislərdə iştirak etməyin dinimizə görə haram olduğunu bildirmişdir. İçkinin sadəcə toylarda deyil bütün yerlərdə qadağandır. Bir gün bir nəfər içki barəsində Rəsulullahdan: “Mən onu (içkini) yalnız əlac və müalicə üçün istifadə edirəm-deyəndə Peyğəmbərimiz: “O əlac deyil, bəladır!” (Müslim,Kitabul-Əşribə, 12; Əbu Davud,Kitabut-Tibb, 11)-buyurdu.
Əziz Qardaşlar!
Toy məclislərində ən çox rast gəlinən mənfi hadisələrdən biridə toyda çalınan musiqilərə qadın-kişi qarışıq oynamaq, gəlinin yarıçılpaq geyimi kimi insanın vicdanını sarsıldan görüntülərin getdikcə artmasıdır. Hətta bəzən müsəlman qardaşlarımızın toy mərasimlərində belə içkili süfrələrə, yarıçılpaq geyinmiş gəlinlərə rast gəlirik. Avropa və xristian dünyasının bu cür adət-ənənələrini bizim xalqımız nəyə görə təntənəli sürətdə yaşatmalıdır? Şadlıq saraylarında gəlinlərimizin yarıçılpaq şəkildə xalqa nümayış etdirircəsinə çıxarılıb yuxarıda otutdurulması, bəylə-gəlinin bütün camaatın qabağında tans oynaması, şamlar yandırılıb söndürülməsi, dinimizin ruhuna və xalqımızın milli mentalitetinə heç uyğun gəlməyən eybəcər-eybəcər müsiqilərin səsləndirilməsi adını müsəlman qoyan bu xalqa heç yaraşırmı? Hər kəs danışanda ayədən, hədisdən, sünnətdən danışır. İslamı bilmək demək, Allah Talanın əmirlərini və qadağalarını qəbul edib onları tətbiq etməyi bacarmaqdır. Əlbətdə İslam dini toy, bayram, şənlik günlərində oynamağa-əylənməyə halal dairədə icazə verir. Heç unutmamaq lazımdır ki, Peyğəmbərimiz (s.ə.s) zamanında tətbiq olunan toy adət-ənənəsi bizim üçün ən gözəl nümunədir. İslam əxlaqına uyğun oyun-əyləncələr halaldır. Bir Qurban bayramı günü Hz. Əbu Bəkr, qızı Aişənin yanına gedir. Görür ki, iki qız dəf çalır, mahnı oxuyur. Peyğəmbərimizdə bir küncə söykənərək oturur. Hz. Əbu Bəkr qızları danlayır. Bunu görən Peyğəmbərimiz (s.ə.s): “Onlarla işin olmasın. Ey Əbu Bəkr! Hər kəsin bir bayramı vardır. Bu da bizim də bayramımızdır.” (Buxari, Müslim.) Bunun kimi Peyğəmbərimizin bu cür oxumağın, oynamağın halal olduğuna dair başqa hədisləri də vardır. Toylarımızda tətbiq olunacaq əsas qayda, hər işimizdə olduğu kimi halal və harama diqqət etməkdir. Əsasən bu günkü toylarımızda diqqət edəcəyimiz xüsuslar məclislərdə qadınlarla kişilərin ayrı oturması, hədislərdə göstərilən şəkildə mahnılar oxunması lazımdır. Oxunacaq mahnıların məzmunu inancımıza tərs olmamalı və üsyana, harama cəlb etməməlidir. Ümid edirik ki, inşallah, hər bir ailə qurmağa hazırlaşan mömin bacı və qardaşlarımız bundan sonra dinimizin adətlərinə daha diqqətlə riayət edəcək və toy mərasimlərini İslam şəriətinə uyğun keçirəcəklər.

ALLAH SIZDEN RAZI OLSUN KI,SIZ BELE BIR SAYT YARATMISINIZ! CHOX GOZEL SAYTDIR!!!
May 11, 2008 12:59