Reklam verin!

Qadınların dəyəri

Dəyərli möminlər!

İslam dini zühuru ilə bərabər bəşəriyyətdə görülməmiş dəyərləri də gətirdi. Bu dəyərlərdən biri də qadına verilən dəyərdir.

Elə isə İslamın qadına verdiyi dəyər nədir?

Bu sualı cavablandırarkən İslamdan öncə qadının halına nəzər salmaq istərdim.

Bəşəriyyət, İslam günəşi ilə nurlanmadan əvvəl qadına alınıb satılan əşya gözü ilə baxan, kiçik qız uşaqlarını diri-diri basdıran, qadının heç bir haqqı və dəyəri olmadığı, cahilliyin baş alıb getdiyi bir dünyada yaşayırdı.

Sadəcə ərəblərdə deyil digər millətlərdə də, qadının vəziyyəti acınacaqlı idi. İstər Asiyadakı, istərsə də Avropadakı qadın öz hüquqlarından məhrum idi. Qadın  əşya kimi alınıb satılırdı. Evdə xidmətçi mövqeyində idi. Yəhudi qızları ata evlərində belə, xidmətçi kimi idilər və yeri düşəndə hətta satılırdılar.  

Hindlilərdə qadın yazıq bir məxluq kimi hesab edilirdi. Qadına zövq aləti kimi baxılırdı. İranda Məcusi zərdüştlərinin dövründə qadınların çəkdikləri əzab və işgəncə çox faciəlidir. Qadın o dövrdə kişinin şəhvətinə məhkum olan bir əsirdən ibarət idi.

Xristianlığa görə qadın şeytanca pisliklərə qapı açar, Allahın əmrlərini pozar, kişini yoldan çıxarar. Qadın günahın anası, fitnə və fəsadın qaynağıdır. Qadının mövcudluğu utanılacaq bir şeydir. Qadın günahın əxlaqsızlığın ruhi və mənəvi alçaqlığın canlı bir heykəli olaraq görülür.

İslam dini isə özü ilə bərabər kişi və qadın bərabərliyini də gətirdi. Belə ki, İslam dinində insan olmaları baxımından kişi ilə qadın arasında hər hansı bir fərq yoxdur. Hər ikisi də bərabər səviyyədə Allah qarşısında məsuldurlar.

Möhtərəm müsəlmanlar!       

Bu gün İslamı tam mənasıyla başa düşməyən və yaşaya bilməyən bir qrup müsəlman ilə bəzi əhatə dairələri, İslamda qadınlar 2-ci dərəcədəymiş kimi göstərərək uca dinimizi pisləmək məqsədilə yalanlar uydurmaqdadırlar.

Beynəlxalq qadınlar günü adlandırılan 8 mart tarixi günü  əslində iş şərtlərini yaxşılaşdırmaq məqsədilə keçirilən bir üsyandır. Qərb qadına 150 il əvvəl haqq verərkən İslam qadına dəyəri 1400 il bundan əvvəl vermişdir.

Bəs bu gün necə?  Bu günün mədəni dünyasında qadının dəyəri hansı ölçüdədir görəsən? İndi vəziyyət necədir? Dəyişən bir şey varmı?

Gəlin reklamlara nəzər salaq. Reklamların 90%-də qadın və qızlar göstərilir. Nəyə görə məhz qadın və qızlar?

Əlbəttə ki, reklamı gedən məhsul daha çox satılsın deyə. Bu və buna bənzər bir çox misal verə bilərik.

Təkrar İslamın qadına verdiyi dəyərə qayıtsaq, bu mövzuda peyğəmbərimizin(s.a.v.) vida xütbəsindəki sözlərinə diqqət edək:

 “Ey insanlar qadınların haqqlarına diqqət etməyinizi və bu barədə Allahdan qorxmağınızı tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq aldınız və onların namusunu özünüzə Allahın əmri ilə halal qıldınız.  Sizin qadınlar üzərində haqqınız qadınların da sizin üzərinizdə haqqı vardır.

Sizin qadınlar üzərindəki haqqınızı, yatağınızı heç kimə verməmələri, xoşunuza gəlməyən kəsləri icazəniz olmadıqca evlərinizə almamalarıdır. Əgər gəlməyinə icazə vermədiyiniz şəxsi evinizə alsalar, Allah sizə onları yataqlarında tək qoymanıza və yenə olmazsa, yavaşca döyüb çəkindirməyinizə icazə vermişdir.

Qadınların da sizin üzərinizdəki haqqları, şəriətə uyğun adət-ənənəyə görə yemək və geyimlərini təmin etməyinizdir.”

Peyğəmbərimiz (s.a.v) hədisində  qadına lazımi dəyəri verərək: “Sizin ən xeyirliniz ailəsinə xeyirli olandır. Mən də ailəmə qarşı sizin ən xeyirli olanınızam” (Tirmizi), “Cənnət anaların ayaqları altındadır.” (Şihab) buyurmuşdur.

İldə bir dəfə qadınlara dəyər verməyə çalışan kəs, görəsən, digər günlərdə də ikili münasibətlərdə eyni mövqedə ola bilirmi? Önəmli olan da bu deyilmi?

Nəticə olaraq bunu deyə bilərik ki, qadına verilən dəyər sadəcə bir günə xas deyil, yaşadığımız hər günümüzdə onların haqqlarına layiqincə dəyər verməliyik.


Baxış sayı:132     Sayta qoyulub: Mart 7, 2008 10:40; Xətib İntizam Rəsulov  Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha